Thursday, January 10, 2019

Azərbaycan onomastikasının fəhləsi 80 yaşında



AYDIN PAŞAYEV – 80


Dünyaya gələn hər bir insanın həyat yolu, ömür tarixi var. Bu tarixin məzmunu o insanın həyatda gördüyü işiylə, əməliylə, başqalarına qarşı münasibətiylə, yoldaşlığı, dostluğu ilə müəyyənləşir.
Elə insanlar var ki, ayaq tutub yerimək istədiyi anından kimliyini, gələcəkdə tutacağı mövqeyi müəyyən etmək olur. Belələri nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri ada ehtiyac duyurlar. Vəzifə, mənsəb, rütbə də onları bəzəmir. Əksinə, onlar tutduğu yeri, rütbəni, vəzifəni bəzəyirlər. Ömrünün 47 ilini gənc nəslin təlim- tərbiyəsinə həsr eləmiş, fəhləlikdən elmlər doktorluğuna qədər çətin, keşməkeşli həyat yolu keçmiş Aydın Məmməd oğlu Paşayev də belə şəxsiyyətlərdəndir.
Aydın Paşayev 1939-cu il yanvarın 22-də Masallı rayonun Kəlbəhüseynli kəndində anadan olmuşdur. Orta təhsilini 1956-cı ildə Masallının Təklə kənd məktəbində aldıqdan sonra 12 il Bakı Tikinti İdarələrində fəhlə işləmişdir. 1958-ci ildə ordu sıralarına çağırılmışdır. Kiçik komandirlər hazırlayan Alay məktəbini qurtarmış, serjant kimi bölmə komandiri, komandir vzvod olmuş, kiçik leytenant hərbi rütbəsi ilə ordudan tərxis olunmuşdur.
Onun əsl qaynar həyatı da elə bundan sonra başlayır. İstehsalatdan ayrılmadan, 1967-ci ildə ADPİ-nin axşam şöbəsinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirir, Bakının müxtəlif məktəblərində müəllim, direktor müavini, direktor vəzifələrində çalışir. Həmin illərdə o, yaradıcı müəllim kimi Pedaqoji Cəmiyyətin respublika üzrə keçirdiyi müsabiqələrdə 2 dəfə qalib gəlir və pul mükafatı ilə mükafatlandırılır. Təhsil Nazirliyi tərəfindən “Baş müəllim”,
“Metodist müəllim” döş nişanları, 1982-ci ildə isə “Əmək veteranı” medalı ilə təltif edilir.
Aydın Paşayev pedaqoji fəaliyyətindən ayrılmadan 1987-ci ildə “Azərbaycan dilində ləqəblər” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik adını almışdır. 1990-cı ildən Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist olan Aydın müəllim çox keçmir ki, həmin institutda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində işləyir.
Kafedra müdiri olduğu 2008-2015-ci illərdə 2 dəfə “İlin ən yaxşı tədqiqatçısı”, kafedra isə 2 dəfə “İlin ən qabaqcıl kafedrası” adlarına layiq görülmüşdür. O, 2010-cu ildə “Azərbaycan şəxs adlarının leksik problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru elmi adını almışdır.
Bir alim, elm adamı kimi Aydın Paşayevin yaradıcılığı çox zəngin və rəngarəngdir. O, 35 elmi, elmi-metodik monoqrafiya, lüğət, metodik vəsait, 250-dən çox məqalənin müəllifidir.
Aydın Paşayevi Azərbaycan onomastikasının fəhləsi adlandıranlar yanılmamışdır. Onun pr. Musa Adilovla birlikdə yazdığı “Azərbaycan onomastikası” (1987) kitabı Azərbaycan dilçiliyində bu mövzuda yazılmış ilk əsərdir. Filoloji fakültələrinin tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan bu kitabda ilk dəfə olaraq onomastikanın bir çox mühüm sahələri (toponim, antroponim, zoonim və s.) kompleks halda tədqiq olunmuşdur. “Azərbaycan onomastikası. İzahlı terminoloji lüğət” (2005) adlanan və 2000-dən çox terminin izah olunduğu 480 səhifəlik lüğət isə keçmiş Sovetlər İttifaqında ən mükəmməl lüğət hesab edilmişdir.
Aydın Paşayev onomastik bilikləri ilk dəfə olaraq təlim prosesi ilə əlaqəndirməyə çalışmışdır. Bir sıra məqalələri, “Xəmsə”də bəzi adların yazılışına dair” (1990), “Azərbaycan dili dərslərində xüsusi adların izahı” (1991) adlı metodik vəsaitləri məhz bununla bağlıdır. “Azərbaycan dili dərslərində ümumi və xüsusi sözlərin müqayisəli tədrisi məsələləri” (2005) monoqrafiyasında ümumi və xüsusi sözlərin fonetik, leksik və qrammatik xüsusiyyətləri müqayisəli şəkildə tədqiq olunmuşdur. Onun “Bədii üslubda obrazlılığın ifadə imkanları” (E.Cəfərova ilə birlikdə, 2006) kitabında isə bədii ədəbiyyatda işlənən şəxs adlarında fonetik (anafora, epifora, anaforik epifora və s.), leksik (omonimlik, sinonimlik, antonimlik), üslubi (epitet, bənzətmə, metafora, metonimiya və s.) cəhətdən obrazlılığın yaradılması zəngin nümunələrlə izah olunmuşdur.
Zəhmətkeş alimin “Azərbaycan şəxs adları” (1996), “Azərbaycan antroponimikasının leksik problemləri” (1997) və “Azərbaycan antroponimikası” (2015) monoqrafiyalarında əsl ad, ata adı, soy adı, təxəllüs, ləqəb və titulların oxşar və fərqli cəhəttləri müqayisə edilmiş, leksik xüsusiyyətlərinə aydınlıq gətirilmişdir.
Aydın Paşayevin “Azərbaycan şəxs adlarının izahlı lüğəti” (Bəşirova Alimə ilə birlikdə, 2003 və 2011) isə mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilində mükəmməl əsl adlar lüğətidir. Lüğətdə 12 minə yaxın kişi və qadın adının siyahısı verilmiş, 7 mindən çox ad etimoloji cəhətdən izah olunmuşdur. “Xəmsə”də xüsusi adların izahlı lüğəti (Poetik onomastikon)” (2013) adlı lüğəti də öz orijinallığı ilə diqqəti cəlb edir. Lüğətdə işlənən bütün xüsusi adlar (toponim, antroponim, zoonim, etnonim, fitonim, astronim və s.) etimoloji cəhətdən izah olunmuşdur. “Nizami Gəncəvinin poetik adlar aləmi (Poetik antroponimika)” (2010) monoqrafiyasında “Xəmsə”də işlənən obraz, bənzətmə və xatırlama adlarının həm leksik, həm də üslubi xüsusiyyətləri tədqiq edilmişdir.
Yeri gəlmişkən, onu da demək lazımdır ki, tək bir sənətkarın əsərlərində işlənən xüsusi adların izahlı lüğətini hazırlamaq, bədii əsərdə əsl adların obraz, bənzətmə və xatırlama olmasını söyləmək ilk dəfə Aydın Paşayevə nəsib olmuşdur.
Alim 50 ildən çox bir müddətdə topladığı nümunələr əsasında yazdığı “Türk mənşəli beynəlmiləl onomastik vahidlər (müqayisəli onomastika)” (2017) monoqrafiyasında əvvəl ad sistemləri haqqında məlumat vermiş, sonra qədim türk ad sisteminin dünyanın bir çox ad sisteminə təsir etməsindən- VII əsrdə ərəb, XV-XVII əsrlərdə isə rus ad sisteminin formalaşmasında müstəsna rol oynamasından söz açmışdır. Belə ki, monoqrafiyanı oxuyan hər kəs ilk dəfə olaraq burada zəngin nümunələr əsasında dünyanın bir çox ölkələrində mövcud olan türk mənşəli onomastik vahidlərlə tanış olmaq imkanı əldə edir. Müəllifin kitabın “Son söz əvəzi” hissəsini şeirlə tamamlaması da oxucuda xoş ovqat yaradır:

Ordenim, medalım, fəxri adımsan,
Amalım, əməlim – kitabım mənim!
Varım, dövlətimsən, qol-qanadımsan –
Ay yuxusuz gecəm - əzabım mənim,
Sevincim, fərəhim – kitabım mənim...


Göründüyü kimi, Aydı Paşayev onomastikanın bir çox mübahisəli problemlərini tədqiqata cəlb etməklə, Azərbaycan onomastikasını yeni-yeni mövzu və ideyalarla daha da inkişaf etdirməyi qarşısına başlıca məqsəd qoymuşdur. O, uzun illər boyu topladığı və sistemə saldığı “Azərbaycan təxəllüslərinin izahlı lüğəti”ndə (2014) təxəllüslərdən nümunələr verməklə kifayətlənməmiş, ədəbi-bədii təxəllüsləri etimoloji cəhətdən izah etməklə bərabər, müəlliflərin həyatı və yaradıcılığı haqqında da məlumatlar vermişdir. “Azərbaycan təxəllüsşünaslığının əsasları” (2018) monoqrafiyasında isə ilk dəfə olaraq onların leksik və üslubi xüsusiyyətlərini araşdırmışdır.
O, Telavi (Gürcüstan), Bişkek (Qırğızıstan), Karşi və Gülüstan (Özbəkistan), Piyatiqorski (Rusiya), Bakıda (7 dəfə) onomastikanın müxtəlif problemlərinə həsr olunan elmi-praktik konfranslarda çıxış etmiş, Daşkənd, Moskva, Piyatiqorsk, Kursk, Astana, Almata şəhərlərinin elmi jurnallarında çap olunmuşdur.
Aydın Paşayev uzun illər orta və ali məktəblərdə müəllim işlədiyindən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təlim prosesində qarşılaşdığı çətinlikləri yaxşı bilirdi. Bəlkə, elə buna görədir ki, alimin yaradıcılığının xeyli hissəsini elmi-metodik kitab və məqalələr təşkil edir. Onun “Azərbaycan dili dərslərində fonetik və qrammatik təhlilin aparılması metodikası” (L.Həşimova ilə birlikdə.1996), “Azərbaycan dili və ədəbiyyatdan yazı işlərinin aparılması, yoxlanması və səhvlər üzərində işin təşkili metodikası” (Q.Sultanova ilə birlikdə.1996), “Azərbaycan dili və ədəbiyyat təliminin bəzi problemləri” (2002-2012) metodik vəsaitləri müəllimlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Tədris prosesində fəal təlim metodlarının tətbiqi ilə əlaqədar olaraq müəllimlərin metodik biliklərinin genişləndirilməsinə xüsusi əhəmiyyət verən Aydın Paşayev “Azərbaycan dili və ədəbiyyat dərslərində interaktiv təlim metodlarının tətbiqi imkanları” (E. Cəfərova ilə birlikdə. 2005) və “İnteraktiv təlim Azərbaycan dili və ədəbiyyat dərslərində” (E. Cəfərova ilə birlikdə. 2008) kitablarında fəal təlim metodlarının imkanlarından bəhs etmiş, bu sahədə qabaqcıl müəllimlərin iş təcrübələrini ümumiləşdirmişdir.
O, “Qabaqcıl təcrübə - gələcəyə aparan yol” (2001) kitabında qabaqcıl müəllimlərin iş təcrübəsindən, “Maarif dünyasının qoşa ulduzu” (2002) monaqrafiyasında isə Göytəpə qəsəbəsindəki 2 nömrəli orta məktəbin Lelin ordenli direktoru Mirməmməd və onun həyat yoldaşı əməkdar müəllim Xanımbacı Ağayevlərin nümunəvi həyat və pedaqoji fəaliyyətindən söz açmışdır.
Aydın Paşayevin M. Soltanov və A. Quliyeva ilə birlikdə V-XI siniflər üçün hazırladığı “İmla mətnləri” (2008) dərs vəsaiti də yüksək qiymətləndirilmişdir. O, uzun illər Təhsil Nazirliyində “Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili proqramı” (1999), “İxtisasartırma və Yenidənhazırlanma fakültələrinin dinləyiciləri üçün Azərbaycan dili və ədəbiyyat proqramı” (2012) hazırlayan müəlliflərdən biri olmuşdur.
Aydın müəllim harda işləməsindən asılı olmayaraq kollektivdə öz səmimiliyi və zəhmətkeşliliyi ilə seçilmişdir. O, qayğıkeş, təvazökar, yüksək eridusiyalı, ətrafındakılara müsbət təsir edən bir vətəndaş, əsil ziyalıdır.
Aydın müəllimin bu il anadan olmasının 80 ili tamam olur. O bu gün də əvvəlki gənclik həvsi ilə elmi fəaliyyətini davam elətdirir. Biz də alim dostlarının “Azərbaycan onomastikasının fəhləsi” adlandırdığı Aydın Məmməd oğlu Paşayevi təbrik edir, ona cansağlığı, uzun ömür və bundan sonra da səmərəli yaradıcılıq uğurları arzulayırıq.

Səyadulla Kərimli,
yazıçı - publisist, pespublikanın əməkdar
jurnalisti

No comments:

Post a Comment